Qapalı “Ağ-yaşıl” zolaqda …

 Belə olanda yuxu da çəkilir gözümüzdən və qəmgin gecə xəyalları ümidsiz baxışlarını qaranlığa zilləyərək səhəri diri açır. Tanıdığım həkimlə məsləhətləşəndən sonra çarəsizlik vəziyyətində qaldığımı, qapalı “Ağ-yaşıl” zolaqda olduğumu anladım. Həkim mənə açıqca dedi ki, futbol azarkeşliyinin müalicəsi tibbə hələlik məlum deyil.

   A kişi, ay əyəğlərivin altında ölüm, nə qədər dərd çəkəllər, nə qədər qüssələnib qübar udqunallar. Elə bil Mənsimovlarla şərikəm. Gecəm gündüzümə dəyib, dünyanı bürüyən maliyyə böhranı, neftin qiymətinin düşməsi Lənkəran bazarında göyərti və meyvə satanları nə günə qoyubsa, ard-arda böhranlardan çıxa bilməyən “Xəzər Lənkəran”ın da dərdi məni ondan betər kökə salıb. Özü də elə kökə salıb ki, arıqlığı da yaddan çıxarıb…

    Düz bir həftə idi gecələr yata bilmirdim, hətta yuxu dərmanları da xeyir etmirdi. Haradansa eşitmişdim ki, belə çətin vəziyyətlərdə qədim YOQA yuxu üsulundan istifadə etmək fayda verir. Mən də yoxlamaq qərarına gəldim və artıq iki gecədir möcüzəvi YOQA yuxusuna gedirəm, ancaq hələ ki yata bilməmişəm. Bu gecə istədim üçüncü və sonuncu dəfə imtahan edib yoxlayım, əgər bunun da xeyri dəyməzsə yeni bir üsul axtarmalı olacağam.
Axşam saat 11-oldu. YOQA oturuşunda yuxuya gedirəm, amma fikrim xəyalım “Xəzər Lənkəran”ladı;

-Hə, reklam pulu kəsiləndən internet saytları yaman sataşır “Xəzər Lənkəran”a. Klub isə kasıblığına görə cavab verə bilmir, əvvəllər hamıya reklam verib əli cibində gəzirdi, kef edirdi, görünür kasıbçılıq taxta qaşıqla onların da dəmir qapısını döyüb…

-Mən nə edirəm, mənə yatmaq lazımdı, dayan bir gözlərimi yumum, yatım, xoruldayım, Xxx, Xxx…

-Görəsən insan xoruldayanda “x” hərfi ilə yanaşı daha hansı hərflərdən istifadə edir?

-Əşşi bu fikir haradan gəldi ağlımaye. Əgər ağlıma fikir gəlirsə deməli yuxuda deyiləm. Və deməli əvvəlcə beynimi yormalıyam ki, ağlıma fikir gəlməsin. Bəs beyni yormaq üçün nə etmək lazımdı? Əlbəttə “Xəzər Lənkəran”ın yaranışından bəri fəaliyyət mexanizmində məntiq axtarmaq! Xxx, Xxx…

-Hə, klubu Mübariz Mənsimov yaradıb, ancaq bəzən onun bu klubla bağlı verdiyi vədlər sonradan düz çıxmır, yaxud yerinə yetirilmir, dediyi sözlər pafoslu olmağı ilə diqqət çəkir, sonda isə ortada boş pafos qalır. Klubu niyə yaradırdı ki, onda? Elə idarəçiliyi ilə də bağlı o qədər suallar var ki, istənilən cavab heç bir məntiqi özünə sığışdıra bilməz. Xxx, Xxx… Fıss, fıss…

-Öz aramızdı “Xəzər Lənkəran” haqqında düşündükcə beyinin yorulmamağı bir yana hələ yuxu da tamamilə qaçır. Onda bəs nə edim? Bəlkə təsvir edim ki, mən “Neftçi”nin azarkeşiyəm, bəlkə onda məni yuxu aparar? Xxx, Xxx…

-Yox bu da alınmır. Yəqin ona görədir ki, “Neftçi”-nin əsl azarkeşləri qəflət yuxusuna hələ sovet dönəmində gediblər və heç kəsi də öz yxularına yaxın buraxmırlar. Əslində 25-il əvvəl mən də bir çoxları kimi “Neftçi”nin azarkeşi idim, yəni biz “Neftçi”yə milli ləyaqət komandası kimi baxırdıq. İndi isə boş “Neftçi” qalıb…Xxx, Xxx…

-Yaxşı,  gecə yarısı oldu, ancaq məni yuxu aparmır. Bəlkə YOQA-ların medatasiyasından istifadə edim? Xxx, Xxx… Fıss, fıss…

 -Məsələn, özümü futbol klubunun sahibi hiss edim, bəlkə o zaman gözümdə yuxu tapıla? Tutaq ki, mən Mübariz Mənsimovam. Of, of, bu nədi adə. Stadiona milyonlarla pul yatırmışam, meydança keçəl, oturacaqlar pis gündə… Hələ futbolçuların oynamalarına bir bax, ətəklə pulum gedir, bunlar isə elə bil Havzava meşələrində odun doğrayırlar… Gedənlər də hər gün məhkəmələrdə sülənirlər, vay dədə, bu qədər pulum gedib…

-Yox, yox, bu mənlik deyil. Mənə yatmaq lazımdıre, Mənsimov olmaq yox! Xxx, Xxx…

-Yatmaq üçün əvvəlcə gözlərimi yumum, heç nə barədə düşünməyim… Mən yatıram, heç nə və heç kəs barədə düşünmürəm, yalnız səma, dağlar, yam-yaşıl otlar… Yaşıl ot, aha görəsən stadionda 465-ci dəfə toxum səpilməsi bir fayda verəcək, bəs Höccət Hacıyev nə deyir bu barədə? Xxx, Xxx…

-Oy, oy,yenə stadion? Mən nə edirəm, nə ot, nə toxum səpini, mənə yatmaq lazımdı, bir azdan səhər açılacaq. Gözlərimi bərk-bərk yumuram, yatmaq pozasını alıram və… sakitlikdi, hər yanda sükut, hamımız nəyisə gözləyirik, FİFA-dan xəbər gələcək, PFL-in burcutması ilə “Xəzər Lənkəran”ın sifariş ərizəsi ləngiyir, Tuyqun Nadirovun reklam pulunu bir neçə aydı dadmayan medianın iti caynaqları cənub klubunun xirtdəyindən bərk-bərk yapışıb sıxır, klubun muzeyində şüşə arxasında boylanan eksponatlardan kif iyi gəlir, çempionluq medalları üzü aşağı çevrilir, kubok yana əyilir… Bu nədi, yuxudu yoxsa aşkar? Xxx, Xxx…

-Yox belə olmaz. Mən yatmaq əvəzinə yalnız və yalnız “Xəzər Lənkəran” haqqında düşünürəm. Bir az yatım… Xxx, Xxx…

-Bir gözümü bağlayıram o birisi açılır. Ay camaat, mən demirəm siz deyin, belə də rəhbərlik olar?  Klubun rəhbərliyi qalıb bir yana klubun dərdini sıravi azarkeş çəkir.

-Yuxum qaçmasın deyə ya onu tutub saxlamalıyam, ya da dalıyca yürüməliyəm. Yatıram, Vəssalam! Bilmirəm xoruldayım, ya fısıldayım. Bəlkə səssiz yatım… Xxx, Xxx… Fıss, fıss… Əvvəllər səsszilik idi. Mətbuat xalostoy güllə atanda Mais Mənsimov və Tuyqun Nadirov idi öndə, indisə həqiqi döyüş gedir, bunlar da Hüseyn Cəbrayıloğlunu veriblər “güllə qabağına”. Deyirlər sən hərbiçi olmusan, döyüş bölgəsində xidmət etmisən, güllə sənə dəyməz.

-Necə də yatmaq istəyirəm. Xxx, Xxx… Fıss, fıss… Yadıma bir cavanın ömrü qədər keçmişdə qalan hərbi xidmətim düşür, yüksək təyinatlı çevik alayımızı, xüsusi hazırlıqlı dəniz desantı taqımını xatırlayıram. O vaxtlar tez-tez belə deyirdik: “пуля дура”,.. hə də “güllə” mətbuat xidmətindən yan keçib dönsə klub rəhbərliyi istiqamətində, gəlsə düz üstünüzə nə edərsiz ?.. Xxx, Xxx… Fıss, fıss…

-Artıq səhər açılır, heç olmasa bir saat mürgüləyə biləydim, gözlərim yumulub, qulaqlarım qapanıb, heç nə eşitmirəm. Hətta 6-nömrəli marşurut üzrə işləyən qonşunun reysə çıxmazdan öncə işə salıb qızdırdığı köhnə sınıq-salxaq mikro avtobusunun laqqırtı vuran motorunun səsi də məni narahat edə bilməz. Mən yatıram, yuxulayıram, fəallığını itirən azarkeşlərimiz kimi, yatıram… Komanda yaxşı oynasaydı azarkeşlər də passiv olmazdılar, yatmzadılar, hər ev oyununda stadion dolardı, möhtəşəm dəstək olardı…

-Aman Allahım, gərək nə klub nə də azarkeş barədə düşünməyəm. Mənə yatmaq lazımdı, gözlərimdən yuxu axır, axır, axır… Xxx, Xxx… Fıss, fıss…

-Heç beşcə dəqiqə gözümü yuma bilmədim, zəngli saatın səsi otağı bürüdü. Artıq vaxtdı, günəş şəfəqləri ətrafa saçır, durum əl-üzümü yuyum. Sonra da gedim çörək pulunu qazanmağa, onsuz da12cioyuncu.info saytı üçün nə yazırıqsa qonararsız yazırıq, dərddil edirik, azarkeşlər də tərif edir bizi. Boş təriflə isə qarın doydurmaq mümkün deyil.

– Gün aydın millət. Şəkərbura, gəl bura, min bir dərdin dərmanı burda, Veravul pomidoru, Miyankün armudu, “доставка на дом”,  gəl ay müştəri, qızıldandan dişləri. Qızıl diş dedim, “Qızıl oyun”  yadıma düşdü … Həmin oyunda top (o vaxt “Neftçi”nin müdafiəçisi olan) Rəşad Sadıxovun əlinə cərimə meydançasının içində dəymişdi, ancaq oyunu idarə edən xarici hakim penalti verməmişdi… Görünür oyundan əvvəl AFFA-dan tapşırıq var imiş ki, penalti olmasın… “Xəzər Lənkəran”ın qolunda Aztv-nin yayımı zamanı ekranda matəm idi, ancaq “Neftçi”nin vurduğu qollarda ekranda QOL yazılırdı… 

-Nə olar, heç olmasa gecəyə qədər yadıma düşmə “Xəzər Lənkəran”! (Təkrar)

Daz Matros

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir