Mənsimov kluba pul ayırmayacaq

Yorğun azarkeşin qəribə yuxusu. (Fantastik janrda)

Kəndimizin mənim kimi söhbətcil pensionerləri səhərdən dükan qabağında axşamlar isə çayxanada toplanaraq kasıbçılıqdan, günbəgün artan qiymətlərdən, həyatın çətinliklərindən, üzü qara pensiyadan və xəstələrə, qocalara, ümumiyyətlə insanlara dəyər verilməməsindən danışır, dərddil edirik. Son günlər bir az da aktuallaşan bu mövzular adamı gündüzlər darıxmağa qoymur, nə qədər desən danışmağa və dinləməyə söhbət var, lap yorulana qədər. Ancaq nə qədər yorulsam da gecə olan kimi yuxum ərşə çəkilir. Çox fikir eləməyim yuxusuzluğa səbəb olub. Dünən axşam çayxanada söz arası problem barədə qonşum feldşer Məmməd kişiyə danışdım. Vaxtı ilə şəhərdə, dəlixanada sanitar işləmiş, son illərdə isə kəndimizdə baytarlıq edən qonşum diqqətlə qulaq asdıqdan sonra evə yollanıb tez də qayıtdı. Özü ilə gətirdiyi ağ rəngli xırda bir tabletkanı mənə tərəf uzadıb içməyi məsləhət bilib dedi ki, bunu qəbul etsəm gecəni rahatca yata bilərəm. Amma bir şərtlə verdi ki, gərək gecə yuxuda gördüyümü ertəsi gün ona danışam. Məni nələrin gözləyə biləcəyini düşünmədən razılaşdım, axı bir neçə günün yuxusuzluğundan əziyyət çəkirdim. Amma kaş ki, razılaşmayaydım. Dərmanı alıb həmən içdim. Evə qayıtdqdan sonra yediyim yüngül şam yeməyinin ardıyca elə kresloda mürgüləməyə başladım… 

Əvvəl axşam yuxusu.

2056-ci ilin ilk ayıdı, plantetlər arası futbol federasiyası (PAFF) “Xəzər Lənkəran”a qarşı növbəti sanksiyalar tətbiq edəcəyini bəyan edib. Klub rəsmisi Tuyqun Nadirov Talış-İnform agentliyinə verdiyi açıqlamasında PAFF-ın yaxın gələcəkdə verəcəyi qərarları bəri başdan və hər ehtimala qarşı qərəzli adlandırıb. O həm də federasiyanın bu addımını Venara ilə Marsın yer kürəsinə olan ögey münasibəti ilə əlaqələndirib… Sərt açıqlamaların ardından Nadirov “Ağ-yaşıl”ların prezidenti Mais Mənsimovla birgə Lənkəran – İstanbul sürət qatarı ilə Türkiyəyə yollanaraq Mübariz Mənsimovla görüşlər keçirib. Söhbət əsnasında əsəblərinə hakim ola bilməyən Mübariz bəy əvvəlcə “belə getsə stadionu ulduzlar arası kosmik gəmilərin qarajına, ya da eşşenazavrların fermasına çevirərəm”, sonra isə “bizdən yaxşı qaraj işlədən, ferma saxlayan varsa təhvil verək özümüz də günəş sistemindən çıxıb gedək” deyərək baş verənlərə özünəməxsus şəkildə və həmişəki qaydada münasibət bildirmişdir. O da məlum olub ki, Mənsimov kluba pul ayırmayacaq. Hələ onu da deyib ki, gedin komandanı məktəb uşaqlarından düzəldin. Türkiyə səfərindən qayıtdıqdan sonra klubun rəhbərliyi veteran futbolçu yenicə PRO kateqoriya alan Elnur Cəfərovu komandanın baş məşqçisi postuna gətirmiş, bir gün sonra isə onu istefa verməyə məcbur edərək idman direktoru vəzifəsinə təyin edib. Komandanı isə digər futbol veteranı Elşən Rzazadəyə tapşırıb. Yeni çalışdırıcı obrazında yerini rahlamaqdan vaz keçən Rzazadə klubun öz yetirmələrindən ibarət heyətin aylarla qızıl pul mükafatı və kartla maaş almamasından keçirdiyi narahatçılıq hissini gizlətməyərək rəhbərliklə təcili görüşməkdən ötəri hava körpüsündən yararlanaraq gecəynən paytaxta üz tutmuşdur… Bu arada PAFF-ın sanksiyalarından yayınmaq üçün ad dəyişməyin bir yol olduğunu eşidən Tuyqun Nadriov öz adını və soyadını dəyişib Muyqun Mənsimov etmək barədə düşüncələrə də dalıb…

Gözümü açıb kresloda yatdığımı gördüm. Başım sağ çiynimə tərəf əyilmişdi, boynum ağrayırdı. Sanki sərxoş idim, yuxu gözümdən tökülürdü. Düşündüm ki, fürsətdi yatmaq lazımdı. Keçib yerimdə uzandım.

Gecə yarısının yuxusu.

Klubun Akademiyasına rəhbərlik edən Xəyal və Royal Abbasov qardaşları əsas komandaya yeni futbolçu gətirmək planının hər iki versiyasını klubun icraçı direktoru Höccət Hacıyevə təqdim ediblər. Hacıyev isə öz növbəsində stadionun tribunalarının altında fəaliyyətdə olan çox saylı ev alqı-satqı məntəqələrindən toplanan platin qəpikləri və gümüş quruşları doldurduğu kisələrə stadionun oturacaqlarının üzərindəki tozları da əlavə edərək sevincək halda meydançaya səpilməsi üçün xaricdən gətirilmiş ot toxumunun və gübrənin pulunu ödəyərkən mətbuat katibi Hüseyn Cəbrayıloğlunun sualına tuş gəlib:

Höccət m.., pul kisələrinə oturacaqların tozunu niyə yığırsan?

-Niyə, niyə, elə suallar verirsən ay Hüseyn, əşşi kisələrin ağır gəlməsi üçün də, indi bildin niyə?

Hacıyev 90-illik yubilyeində ona hədiyyə edilən dəmirağacından düzəldilmiş çəliyə söykənib Cəbrayıloğluna tərəf bir neçə addım ataraq sözünə davam edir:

-Toz söhbətini qoy bir kənara, təzə xəbəri eşitmisən? Deyirlər Yunis Hüseynov nəhayət ki, Azərbaycan dilini tam öyrənib, danışanda daha cümlərləri biri birinə qoşmaqda çətinlik çəkmir.

Pensiyaya çıxmasının 15-illiyini iki gün əvvəl qeyd edən Cəbrayıloğlu gülümsənib:

-Hə? Onda birini də mən deyim. Elbrus Məmmədov isə yazdığı “uşaq-muşaq futbolunun metodikası” adlı monoqrafiyasını tərcümə edir, ancaq bilinmir hansı dildə yazıb və hansı dilə tərcümə edir…

Səhərə yaxın gördüyüm yuxu.

Eyni vaxtda Bakıda Çingiz Abdullayevin “Neftçi klubundakı səhnə arxası kulis-mulis oyunlarının xalis qurbanları” adlı yeni dedektiv kitabının 8-ci cildinin təqdimat mərasimi keçirilib. Bu onun “Neftçi”dən ayrıldıqdan sonra 10-cu dedektiv əsəridi. Yazıçı daha iki kitabını Sadıq Sadıqovun qoçularına həsr etmişdi. Bunu və sonrakı yeilinikləri vicdansız və qərəzli kanalın xəbərlərindən eşitdim. Deyirlər Rövnəq Abdullayev mediya nümayəndələri üçün düzənlənən konfransda ağsaqqal Rumın məşqçi Mirça Rednikin növbəti dəfə ölkəmizə buraxılmamasının düzgün addım olduğunu izah etməyə çalışıb. Onunla razılaşmayan jurnalistlərin üzərinə qaz buraxılıb. Gözü yaşarmayan qələm sahibləri yerindəcə həbs olunublar. Salonda qalan sözə qulaq asan mətbuat nümayəndələrinin suallarını cavablandıran Ramin Musayev qonşu məhəllədə futbol oynayan uşaqlardan rezin şarların və voleybol toplarının pulunu da alıb…

Sübh tezdən saatın zənginə yarımçıq qalan yuxu.

Şah sağ olsun, insanlara verilən dəyər balaqlardan sürüşərək topuqdan aşağı düşdüyündən keçirilən etiraz aksiyalarını yatırmaq üçün hökumət qüvvələri ermənistan ordusundan da istifadə edib, cavab atəşi ilə xalq susdurulub…

Namaza durdum. Lənət şeytana, bu nə dərman idi, bu nə yuxuydu belə? Yox, daha o zəhrimar tabletkadan içmərəm. Yaşayıb belə gələcəyə sağ çıxmaqdansa yuxusuz qalıb elə tezliklə ölmək daha yaxşıdı!

Birazdan dükan qabağına gedib yuxumu qonşuya danışaram və bir iki ağız da sözümü deyərəm ona … (Təkrar)

Vəfa Qələmdar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir