Gözlənilən qətlin tarixçəsi.

Hüseyn-2Cənubda hamı pərişandır. “Xəzər Lənkəran”ın mövcud durumu insanların üzərinə kədər və pessimizm ələyib. Bir neçə gün öncə “Futbol+”in daimi oxucusu, Masallıda məktəb direktoru işləyən Bəhram müəllim zəng vurmuşdu və söhbət əsasında öyrəndim ki, “Qəbələ” – “Xəzər Lənkəran” oyunu sonrası Bəhram müəllimin əsəbindən təzyiqi elə qalxıb ki, köməyinə təcili yardım çatıb. Qəribəsi o idi ki, cənublu tərəfdarlardan aldığım növbəti zənglərdən sonra bu vəziyyətdə tək Bəhram müəllimin olmadığı üzə çıxdı. Lakin ortada xəstə durumda olan   tərəfdarlar yox, “Xəzər Lənkəran”ın özüdür ki, çalışacağam yazımda bu xəstənin mübtəla olduğu xəstəliyin tibbi dillə desək klinikası (xəstəliyin gedişi), patogenezi (xəstəliyin yaranması nəticəsində baş verən dəyişikliklər)və inkubasiya dövrünü ( xəstəliyin gizli dövrü) aşkara çıxarım. Həm də    ünvanıma  “Xəzər Lənkəran”ın adamıdır” fikrini söyləyənlərə zaman-zaman  tərs şillə vurmağı əsla qaçırmıram.

 Məşqçi dəyişiklikləri

 Mirça Rednikin gedişindən sonra “Xəzər Lənkəran”ın baş məşqçi postunda baş verən silsilə dəyişikliklər əsla özünü doğrultmadı. Rumın çalışdırıcını tez-tələsik, bir gecənin içində yola salan klub rəhbərliyi ötən müddətdə çox rahat, düşünməyə yetərincə zamanın olduğu bir vaxtda doğru seçimini edə bilmədi. Nə “Bakı” klubunun sükanı arxasında olarkən cənub klubuna feyr-pleydən xaincəsinə qol vuraraq  paytaxt klubunun bayrağını meydana sancmasına rəğmən “Xəzər Lənkəran” a gətirilən Cüneyt Biçər, nə mətbuatın çiyinlərində cənub klubuna gələn Yunis Hüseynov, nə də çox bəsit, ayaqüstü düşüncələr sonrası tapılan Karles Bakes seçimi yetərincə çətin və böyük camiə olan “Xəzər Lənkəran”a lazımi effekti vermədi. Rednik gedən gün danışıqlar üçün gözüm önündən VİP lojaya sözün bütün mənalarında  qaçaraq gedən Biçər ilk günlər aparıcı futbolçularla taktikanı məsləhətləşib, onlara “kardeşlərim, aslanlarım” deyərək matça buraxaraq lazımi nəticələr qazansa da bu nəticələrdən doğan baş gicəllənmədən sözlərini “ ben buyum, ben ne dersem o olur” ifadələrinə dəyişincə gəmidən “dənizə atıldı”. Yetərincə mülayim, gözəl insan təsiri bağışlayan ötənlərin əfsanəvi futbolçusu Yunis Hüseynov isə “balanın başına dönüm”lə “Xəzər Lənkəran” boyda klubu idarə edə bilməyəcəyini ilk gündən anlamadı və növbə bu kəs Bakesə çatdı.

 Bakes taktikanın dahisidirsə hanı nəticə?

 “Barselona”dan gətirilən Karlesin özü gəlməmiş xəbəri gəldi. Ki, taktika üzrə “professor” ləqəbi ilə tanınan  gənc çalışdırıcı nəhayət “xəstə” “Xəzər Lənkəran”ı ayağa qaldırmalı, ona yeni nəfəs verməli idi. Amma gözlənilən bütün ümidlər ilk 6-lıq kimi boşa getdi. Hələ iki ay öncə Bakesin bu yumşaqlıqla, xarakterlə üzü-üzlər görmüş, milli “torba”mızın bütün ölçülərini ustalıqla tikən futbolçularla bacarmayacağını yazmışdım. Üstəlik, Türkiyə toplantısı sonrası təəssüratlarımda da bu fikri önə çəkmişdim. Bakes doğurdanda taktiki planda futbolçularına daha çox şeyi başa salmağa çalışıb, səy göstərsə də xarizma yoxluğu, xarakter zəifliyi ona istədiyini almaqda mane olurdu. Nə toplanışda, nə də Lənkərandakı məşqlərdə mən bir dəfə də olsun futbolçuların onun taktiki gedişlərini düzgün yerinə yetirdiyini görmədim. Çünki futbolçu məşqə lazımi formada yanaşmırdı. Mirça Rednik artıq Lənkəran camiəsində ölçü vahidi olduğu üçün iki misal çəkməli olacağam. Rednikin zamanında məşq elə ab-havada, motivasiyada keçirdi ki, futbolçuların səs-küyündən bazanın yerləşdiyi Sütəmurdov kəndində  yaşayanlar elə bilirdi “Xəzər Lənkəran”ın matçı başlayıb. Amma Bakesin məşqləri klassik cümə axşamı məclisini xatırladır ki, bu ab-hava ilə göstərilən nəticə tam normaldır. Qısası futbolçular Karles Bakesə inanmır, ona qətiyyən güvənməməklə yanaşı lazımi ruhla da matçlara çıxa bilmir. Hazırda belə top qovan futbolçular etiraf edir ki, “mənəm- mənəm deyən futbolçu Rednikin zamanında adi bir səhv etdiyi anda soyunma otağını düşünürdü ki, Mirça mənə nələr deyəcək?”.

 Amma indi Bakesin iradı milçək vızıltısından başqa bir şey  deyil. Üstəlik, son iki ev oyununda komandanın qapısından 5 top buraxması Bakes üçün  taktika mövzusunda deyilənlərin iflasıdır. “Xəzər Lənkəran”ın elə zamanı olub ki, mövsümün yarısı boyu heç evdə qapısından bu qədər top buraxmayıb, nəinki iki oyuna.

 Transfer siyasətində səhv addımlar

 Çox uzağa getməyək. İki gün öncə vaxtı ilə “Xəzər Lənkəran”ın formasını geydiyi  Emeka Oparanın illərdir ki, stabil heyəti olan “Qarabağ”a transfer olunması onu göstərir ki, cənub klubunun heyəti vaxtı ilə o qədər güclü olub ki, indi onun “atxod” futbolçuları illər sonra belə “Qarabağ” kimi kluba lazım olur. Göndərilən futbolçular fonunda gələnlərdən ciddi nə iləsə yadda qalan yoxdur. Rednikin gətirdiyi ən bəsit transfer, “uşaq ləqəbli” Nikolay Muşatdan sonra komandaya  hətta onun gücündə belə müdafiəçi cəlb oluna bilməyib. Hücum xətti isə bir sözlə transferin fiaskosudur. “Xəzər Lənkəran”ın qollarının 84-86 faizini yarımmüdafiə və müdafiə xətti vurub. Mario Souzadan sonra cənub klubu hələ də plemeyker funksiyasını yerinə yetirə bilən futbolçu tapa bilmir. Ən pisi odur ki, “ağ-yaşıl”lar az qala hər toplanışda heyətinə 5-6 futbolçu qatır, amma çempionluq hədəfi uzaq, yaşıl ada kimi əlçatmazdır. Niyə komandanın ana sütunu formalaşdırılmır sualı problemin ən böyük tərəfidir. Məhz buna görədir ki, qışda böyük paralar hesabına heyətə cəlb olunan 6 futbolçu belə məqsədə çatmağa kömək olmadı. Daha bir məqam son transferlərlə  bağlıdır. Vaxtında dediyim kimi, qapıçı Toni Doblas yetərincə böyük transferdir. Amma belə böyük qapıçıya kifayət qədər pul verib sonra onu limit üzündən ehtiyatda oturacaqdınızsa niyə alırdınız? Yaxud, Sialmas- Gökhan Güləc- Lusiano hücum üçlüyündənsə bir səviyyəli hücumçu alıb yanında gənc Elnur Cəfərovu oynatmaq nə qədər gözəl olardı, deyilmi?

 Babək Quliyev “dərman” ola bilərmi?

 Məncə əsla! “Xəzər Lənkəran”ın dərdi, səri, problemi məgər idman direktorunda idi? Üstəlik, Quliyev  bu postda nəyi və necə dəyişəcək? Çox gözəl məlumdur ki, cənub klubunda qərarlar çox dar çərçivədə verilir və bu mənada keçmiş referinin söz sahibi olması utopiyadan başqa bir şey deyil. Quliyev uzağı cənub klubunun az yaşlı futbolçularını qonşu rayonlardan məşqə aparan 50 ilin yadigarı olan “Alabaş” avtobusu yenisi ilə əvəzləyər, amma bundan artığına gücü çatmaz. Mənə görə mövsümün sonunu gözləmək, daha sonra səviyyəli çalışdırıcı tapıb əsas komandaya, Bakesi isə ona ən layiq olan vəzifəyə-idman direktoru postuna gətirilməsi ən doğru seçim idi. Amma Quliyevin digər tərəfdən 7 qat süzgəci olan cənub klubunun idarə heyəti siyahısına düşməsinin özü də başqa maraqlı mövzudur.

 Küskün azarkeşlər nə də günahkardır?

 Cənublu azarkeşlər hər nə qədər ölkənin bir nömrəli azarkeşi olsalar da camiə olaraq problemlər də yox deyil. Hər məğlubiyyət , acı nəticələr sonrası müəyyən kütlənin klubdan üz döndərməsi bu böyük camiəyəyə yaraşmır. “Xəzər Lənkəran” pis tərəfi ilə də, yaxşı tərəfi ilə də sizindir. Misal üçün, “Beşiktaş” klubu cənub klubundan məcazi mənada 400 kisə artıq pul xərcləsə də on ildən çoxdur ki, çempion ola bilmir. İndi bəyəm türk klubunun oyunlarına azarkeş getmir? Əksinə daha da klub ətrafında sıx birləşmək, klub rəhbərliyi ilə danışıqlar sonrası sizin tələblərinizə nail olunmasına çalışmaq məncə ən doğru yoldur. Digər tərəfdən hələ də 80-ci dəqiqədən sonra arenanı tərk etmək adəti tərgidilmir. Bu mənada bəzi gənclərin hər hansı maraqlı lahiyələrə əl atması, klubu sevdiyini  göstərib əslində təkkəbbür girdabında boğulanların və həqiqəti bir bakal pivə və bir qab xəngələ satanların çaldığına oynamasından yaxşıdır.

Hüseyn  Cəbrayıloğlu

MƏNBƏ: “Futbol+” qəzeti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir