Elə azarkeşlərə, stadiona heyfdi.

emin“Xəzər Lənkəran”ın sabiq kapitanı və məşqçisi Emin Quliyevin müsahibəsi.

 Gənc çalışdırıcı “ağ-yaşıllar”ın hazırkı vəziyyəti ilə bağlı danışarkən ölkə çempionatının ümumi mənzərəsinə də toxundu.

– Ötən tur “Sumqayıt”a məğlub olan “Xəzər Lənkəran” sonuncu pilləyə yuvarlandı. Sabiq kapitanı kimi komandanın bu acınacaqlı durumu ilə bağlı nə deyə bilərsiz?

– Hazırkı vəziyyət göz qabağındadı. Gedişat göstərirdi ki, klub bu vəziyyətə düşəcək. Klubda heç bir düz iş getmirdi.

– Siz klubdakı proseslərlə yaxından tanışsız, vaxtilə orada məşqçi də işləmisiniz. İndiyə kimi ayrılan pullarla hansı işlər görmək olardı ki, klub bu vəziyyətə düşməsin?

– Həmin vaxt yaxşı akademiya qurmaq olardı. Necə ki, “Qəbələ” bunu edib. Uşaq futboluna fikir verilməli idilər. Neçə ildi klub yaranıb, amma Lənkəranda bir dənə belə süni meydança yoxdu. İşlər düzgün qurulmalı idi ki, belə olmasın. Hər dəfə 15-20 legioner gətirməklə iş olmur. Elə olanda iş gəlib bu yerə çıxır. İndi də məşqçi dəyişirlər.

– “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov yenidən maliyyə ayırsa, klubda vəziyyət düzələr? Yəni sizcə, klub rəhbərliyi bu yaşananlardan dərs çıxara bilib?

– Əvvəl də pul gəlirdi, lakin heç nə düzəlmirdi. Mənə elə gəlir ki, klubda ciddi dəyişikliklər olmalıdı. Klubun idarəçiliyində futbolu yaxşı bilən adamlar olmalıdı. Mübariz müəllimi də qınamıram, yazıq o qədər pul buraxdı. Daha nə etsin?

– Sizcə, maliyyə ayrılmasa, “Xəzər Lənkəran” Premyer Liqada qalmalıdı, yoxsa bu vəziyyətdə elə 1-ci divizionda oynasa, yaxşı olar?

– Bu barədə nəsə demək olmur. Gah deyirlər, Premyer Liqadakı klubların sayını artırmaq istəyirlər, gah deyirlər, çıxırlar. Onu dəqiq bilmirəm. Maliyyə yoxdusa, onsuz da elə olacaq. Belə getsə, axırda aşağı liqaya düşəcəklər.

– Artıq rəsmi məlumat açıqlandı: “Xəzər Lənkəran” və “Rəvan”a lisenziya verilməyib…

– Elədisə, onda düşəcəklər 1-ci diviziona. Adamın azarkeşlərə yazığı gəlir. Elə azarkeşlərə, stadiona heyfdi. Yəni o bölgəyə belə futbol yaraşmır.

– Bəs siz bu vəziyyətdən çıxış yolunu nədə görürsünüz? Bu barədə nəsə fikriniz var?

– Bu vəziyyətdən çıxış yolu köklü dəyişikliklər etməkdi. Kluba futbolu bilən adamlar gətirilməlidi. Belə olsa, yavaş-yavaş irəliləyiş olar.

– Sonuncu dəfə baş məşqçi işlədiyiniz “Rəvan”ın çıxışı sizə necə təsir bağışlayır? Son turda da lider “Qarabağ”ı məğlub edərək, “Xəzər Lənkəran”ı bir addım qabaqladılar.

– Açığı, oyuna baxmamışam. Eşitdim “Qarabağ” məğlub olub. “Rəvan”la bağlı da heç nə danışmaq istəmirəm. Nə danışım ki? Yenidən 5 dəfə də oynasalar, yenə “Qarabağ” udardı. Bilmirəm, bu nə məsələ idi. Özləri bilər, babalı öz boyunlarına.

– Bu həftə Premyer Liqada mövsümə yekun vurulacaq. Ümumilikdə cari çempionatı necə dəyərləndirərdiniz? Sizin üçün sürpriz nəsə oldu?

– Sürpriz o oldu ki, neçə klub yer tutdu, amma avrokuboklara gedə bilmədi, o birisilər getdi. Çempionat da zəifdi. Əvvəlki mövsümlərə baxanda indi çempionat, rəqabət istənilən səviyyədə deyil. Əvvəl 4-5 klub çempionluq üçün oynayırdısa, indi bu say azalıb. Mövsüm başlayanda, bilirsən ki, “Qarabağ” çempion olacaq. Rəqabət nə qədər güclü olsa, çempionat da bir o qədər maraqlı olar.

– Hazırda 1-ci divizondan Premyer Liqaya hansı klubun çıxacağı müzakirə olunur. Sizcə, hazırda aşağı liqadan elitaya yüksəlib, çempionata rəng qata biləcək potensialda komanda var?

– Qayda var ki, aşağı liqada 1-ci yeri tutdun, elitaya yüksəlirsən. Elitada axırıncı yeri tutanda isə diviziona düşürsən. İndi siz də görürsünüz ki, “Neftçala” iki ildi çempion olur, elitaya yüksələ bilmir. “Zaqatala”da da yaxşı şərait qurulub, çempionata rəng qata bilərlər. Məncə, bölgə klublarına dəstək verib, yüksək liqaya çıxartmaq lazımdı. Onların yaxşı azarkeş dəstəyi olur. Həm də yaxşı oyun göstərə bilərlər.

MƏNBƏ:Futbolinfo.az

3 thoughts on “Elə azarkeşlərə, stadiona heyfdi.

  • 19 May 2016 at 00:01
    Permalink

    normalda heç bir təsiri olmayan mikroblar müqavimətdən düşmüş orqanizmə əjdaha kimi hücum edirlər…

    Reply
  • 18 May 2016 at 12:53
    Permalink

    Xəzər Lənkəran” futbol klubu fırıldaqçılıqda ittiham olunur!!!!!!!

    “Xəzər Lənkəran” futbol klubu fırıldaqçılıqda ittiham olunur
    “Palmali” şirkətlər qrupunun sahibi, Türkiyədə yaşayan məşhur azərbaycanlı milyarder Mübariz Mənsimovun “Xəzər Lənkəran” futbol klubu fırıldaqçılıqda ittiham olunur

    İspaniyalı futbol meneceri Toni Kruea Türkiyənin “Radyospor” idman radiosuna açıqlamasında “Xəzər Lənkəran” klubunun rəhbərliyi barədə ağır ittihamlar səsləndirib.

    “Onların hamısı fırıldaqçı və yalançıdır. Bütün İspaniya və Avropa “Xəzər Lənkəran”ın fırıldaqçılar yuvası olduğunu bilir. Bu klub barədə FİFA-ya şikayət etmişik” – deyə T.Kruea bildirib.

    Belə məlum olur ki, ispan meneceri qəzəbləndirən səbəb “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun onu dəfələrlə aldatmasıdır.

    “Mən “Xəzər Lənkəran” komandasına bir neçə ispaniyalı futbolçu apardım. Lakin bu klubun rəhbərləri doğrudan da çox məharətli fırıldaqçılardır. Bütün oyunçularla bağlı problem yaratdılar. Heç bir anlaşmaya əməl etmədilər. Bizi aldatdılar. İki il yarım əvvəl “Barselona”da yetişən Mario Rosası ora apardım. Puyol, Valdes, Xabinin ilk dönəmlərində “Barselona”da idi. Daniel Martin ayrı oyunçu idi. “Real Betis”in forveti idi. Biz verdiyimiz sözlərə əməl etsək də Tuyqun Nadirov heç bir sözünü yerinə yetirmədi. Oyunçuların və mənim pullarımı ödəmədilər. Bizi aldatdılar. Mənsimov hörmətli adamdır, bunu bilirəm. Ancaq bu fırıldaqçılara necə icazə verir, anlamıram” – deyə ispaniyalı menecer bildirib.

    FİFA meneceri olan T.Kruea deyib ki, T.Nadirov ona Marionu da alacaqlarını deyib. Lakin menecer futbolçunu Lənkərana aparsa da Nadirov onu almaqdan imtina edib.

    “Mario tibbi müayinədən keçsə də “yox, sağlam deyil, problemi var” dedi. Nadirovla həm Mario, həm də Martinlə bağlı anlaşmışdıq. Hər iki oyunçunu Bakıya apardım. 5 gün sonra Martin İspaniyaya dönməyə məcbur oldu. Çünki Nadirov danışdığımız pulun ancaq yarısını verə biləcəyini dedi. Söhbət Çempionlar Liqasında oynamış oyunçulardan gedir. Mario ilə mən 30 gün Bakıda qalmalı olduq. Tuyqun Nadirov saxtakarın biridir. Üzümüzə bir şey deyir, ancaq əldə edilən anlaşmanı dəyişdirməyə çalışır. Nə qədər pul xərcləsək də xərclərimizin heç birini ödəmədi, bizi aldatdı” – deyə T.Kruea bildirib.

    T.Kruea deyib ki, artıq həm İspaniyada, həm də Avropada “Xəzər Lənkəran” klubunun çox pis şöhrəti var. Onun sözlərinə görə, “Xəzər Lənkəran” guya məşhur komanda olmağa çalışır, ancaq onlara heç kim etibar etmir.

    “Bu pis imicləri üzündən artıq keyfiyyətli oyunçu ala bilməzlər. Onlardan FİFA-ya şikayət etdik. Bütün İspaniya bu klubun tam bir yalan maşını olduğunu düşünür. Fırıldaqçı və saxtakar klubdur. Mən 3 min kilometr məsafədən onlara oyunçu apardım, amma nə xərclərimizi, nə də yol pulumuzu vermədilər. Oyunçuların başlarına oyun açdılar” – deyə menecer bildirib.
    ***
    Bu köhnə söhbətdir?

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir