Buralarda sevgi satışdadı (3D formatda)

İti gözlərin gözü dəyməsin, nəyimizdir? Bəs bilmirdiniz ki, pis gözlərdən uzaq olmaq üçün gözünçıxdıda yaşayırıq?

 Gözündən yuxu tökülən çəpgöz demişkən yay-qış xəyallarla doyururuq qarnımızı, tolerantlıqla təsəlli tapıb rahatlayırıq canımızı. Ölkənin hər yerində “sərbəst toplanıb” iqtidarla müxalifətin arasındakı soyuqluğun fonunda yer altı sərvətlərdən multikulturalizm duhasıyla isti münasibət umuruq, axı ummaq adətimizdi. 

Nə göz vurmaqla nə də göz bağlamaqla doymur gözümüz, doyanda isə həyat gözdən düşür və gözləri axır ömrün…

Görməyə gözü yoxdu bizi hökumətin, ona görə də nə qədər çətinlikdə yaşadığımızı görmür.

Hər şey adi gözlə göründüyündən gözlüksüz də gözə dəyir bütün eybəcər gözəlliklərimiz və beləcə gözünün içinə qədər yalan danışıraq aldadırıq əksərimiz hamımızı, biri elə mən; hamıdan biri, yəni.

Ömrün uğursuzluq dəliklərini gözəyarı təxmin edirik ki, bu da bir əyləncədir bizə. Bəh-bəh, göz yaşı kimi durudur bizə utdurulan qan…  Gözümüzün ağı qarası olan bircə xoş gün arzumuzu isə son devalvasiyada qara yellər apardı: gözgörəti müflisləşir səfillər, uzaqlaşan istiqamətdə göz atır bizə vaxt…

Göz həkimi “gözün üstə qaşın var” deyib qaşı da əməliyyatla kəsmək, bununla da pul qopartmağa bəhanə axtarır və yaxın uzaq ətrafına həvəslə göz gəzdirir.

Şər xeyirin gözünü çıxarmaq barədə düşünmür, çünki burada düşünmədən bir göz qırpımında qəti qərarlar verilir. Şər də ona gözucu baxan xeyirin iki gözünü bir deşikdən çıxarır.  

Təpəgözün nağılına inanan yox. Hər ehtimala görə heç kəs gözünü çəkmir qonşudan, göz bəbəyi kimi qoruyur hərə özünü, öz gözünü. Gözə gəlir xeyirxahlıq…

Nə qədər şən havalar səslənsə də eşitdiklərimiz matəm musiqisinin əhvalını yaradır ancaq, daha “boy boy” deyən də yoxdu, deyənin isə dilini boğazından çıxarıb gözünə elə soxublar ki, gözləri də bərəli qalır Qaragözün…

Ac qarına ağlımızla yanaşı inam və imanımızı da səmimiyyətimizi də itirmişik, ona görə də “gözünü yeyim” deyənlərin üzünə baxmırıq, “gözüm üstə” deyənin düzünə inanmırıq…

Buralarda hamı şirincanlıdı, ondandır gözə dəymir həqiqətin acılığı…

Tapdığımız bir tikə çörəyi elə acgözlüklə tıxırıq – aman, ay aman. Göz olub izləyənlər “gözünə təpdi” desələr yanılmazlar əsla.

 Halal-haram ayrıntısı monopoliyada olduğundan səngərdəki əsgər və şəhərdə bahalı maşın sürən iki həmyaş gəncin müqayisəsi göz aldadır, eynən bulvarda vulqar gəzinti istəyi kimi gözdə qalır milli dəyərlər…

Buralarda sevgi satışdadı, heç kəsin ala gözünə aşiq olan da yoxdur xeyli müddətdir.

“Rədd olun, gözümüz sizi görməsin” deyir sosial xidmət işçiləri, biz də gözəgörünməz oluruq haqqında şikayət edilə bilinəcək bütün dövlət idarələri qarşısında, gözümüz önündə görkəmini itirmiş halda canlanır ədalət…

Təriflər əvəzində süzülən qəmgin baxışlarımız gözdən salır bizi inkişaf və quruculuq işlərinin önündə.

Biz nə qədər nadan olsaq da yuxarılar tərəfindən unudulmuruq heç, məsələn: arabir polis qulaq burması verir bizə, bu da qanunların aliliyinə işarədir. Əslində bizə bir işarə də bəs edərdi, amma gözünə döndüyüm polis də bekar qalan deyil. Hələ xəbərçilər də maaş alır bizdə…

Gözü millətdən su içməyən prokurorluq susamış yaman. Qanunlar göz yumur qaydalara…  (Qandal əvəzidir gözmuncuğu)

Millətin sifətindən zəhrimar töküldüyündən ilanlar kərtənkələlərə ehtiyac duymur buralarda. Milli yarpız gözə girir…

Poeziyaya olan həvəsimizdəndir ki, boynu bükük bənövşəni yamsılayaraq ömür sürürük həyatın qorxu gözbağlıcasıyla.

Kor istədiyi iki gözdən birini də əyri baxıb düz seçə bilmir. Görənlər seçim haqqı tanımır ona. Deyilənlərə görə məmləkətimizin səsi gözdən uzaq yerlərə daşınıb, gözdağıdır seçkilər, yamaclarında qoyun otarır xalq.

Gözümüz dolanda öz günümüzə ağlamaq istəsək də göz yaşı əvəzinə gözümüzdən gilə gilə gəlir dövlət qayğısı…

Gözütox nazirlərin gördüyü tonajlı işlərin dəyəri bir qram da yoxdu gözümüzdə.  

Göygöz kosanın sehirli çubuğu gor eşir, su çıxır neft əvəzi. Neftdən qabaq qiyməti düşümüş həqiqət isə öz anlayışsız hərəkətləri ilə gözdən qaçmaq istəsə də Türk demişkən göz altına alınıb bu günlərdə.

Məmur villalarının bərli-bəzəkli aynabəndlərindəki pərdəsiz camlar göz qamaşıdır. Ancaq biz o qədər xainik ki, gözümüz götürmür bunu, dama basılmayanacan gözümüz qalır o damlarda və göz görə görə içimizdən çürüyürük. Utanmadan, xəcalət çəkmədən gözdən pərdə asmaqla və gözə kül üfürməklə gün keçiririk. Əks tərəfdə olan kasıb daxmalarında isə acqarına vurçatlasındı, vuran kimi çatlayır başlar…

Göz çəkə bilmirik göydən, ancaq ele hey başı aşağı gəzirik. Əvvəldən beləyik, sonu gözləyirik.

Ehtiyac üzündən gözlər əllərə dikilib, bu da bir GÖZƏL-likdi deyirlər.

 Nə deyim, bir cüt göz istəyir seyr edə bizi, təki görən gözlər kor olmasın! (Təkrar)

 Islam Cabbarlı.

 

9 thoughts on “Buralarda sevgi satışdadı (3D formatda)

    • 08 Avqust 2018 at 14:32
      Permalink

      Əleykə salam Zəfər bəy. Siz fikrinizi yazın, yolumuz internetə düşəndə şəhrinizi aktivləşdirərik.

      Reply
  • 31 İyul 2018 at 21:32
    Permalink

    İnsanlığa dəymiş mə’nəvi güllələrdən bədənimiz göz-göz olub. Bu qədər gözü neylirdik İlahi… İki gözümüz bəs idi biri qara, biri ala. Amma bir Rəşidimiz (Behbudov) vardı, “ala göz” də o gedəndən sonra kor olub. Elə deyəsən ona da ala gözlərinə görə göz dəydi…

    Reply
    • 02 Avqust 2018 at 17:03
      Permalink

      Dəyərli fikirlərinizə görə təşəkkür edirik.

      Reply
  • 29 May 2018 at 18:55
    Permalink

    Yaziqlar olsun bize. Mene maraglidi niye hamimiz Cabbarli kimi gore bilmiriy eybecerliyerimizi, niye duz danismirig, niye mal kimi yasayiruy, qoyun kimi susuruy, dinmiruy….ne iyse

    Reply
  • 27 May 2018 at 17:44
    Permalink

    Çox gözəl işlənib “göz” hallanması, adamın ürəyini titrədir, həyəcansız oxumaq mümkün deyil. Təəssüf, çox təəssüf ki, yazıdakılar hansısa uzaq bir ölkədə yaşayan yazıqları, çarəsizləri deyil, bizim özümüzü, bu ölkə sakinlərinin əksərinin həyatını əks etdirir.

    Reply
  • 17 May 2018 at 15:47
    Permalink

    Evvala bu qrupu yaradana xow arzularimi catdiriram. Kecmiw gunlerimi gorub cooox kederlendim… Butun xezerseverleri salamlayiram.

    Reply
    • 18 May 2018 at 01:19
      Permalink

      Hörmətli “emil917” biz də sizi salamlayırıq. Şərhinizə görə təşəkkür edirik.

      Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir