Belçika – Azərbaycan 4:1

Qolların onlayn işarələri…

Aşağı mərtəbədəki Kolya dayı uzun illərdi ki, buralarda yaşayır. O səbəbdən də bəzi bizimkilərdən fərqli bizimlə elə bizim dildə də danışır. Nikolay kişi eynən bizim qədər vətənpərvərdir və o da millinin oyununa baxmaq istəyirdi, lakin evindəki televizorun çoxdan bəri ”PTK”sı xarab olduğundan, bir də özünün dediyi kimi şikəst ayağı ilə yuxarı qalxa bilmədiyindən məndən xəbər gözləyirdi. Aramızdakı fərq mənim döşəməm onun isə tavanıdır, bu beşmərtəbəli “Avariynıy” binada. Bir xeyli müddətdir ki, mən ona yalnız işarələrlə millinin oynundan xəbərlər ötürürəm. Səhər tezdən hər şeyi yerli-yerində danışacaqdım, amma onlayn işarələr daha maraqlı idi onun üçün. Beləliklə oyunun əvvəlində cərimə zərbəsindən milli komandamızın qapısına vurulan qolun xəbərini ayaqlarımı döşəməyə zərblə vurmaqla aşağı mərtəbəyə ötürdüm. Bizim komandanın vurduğu qolun xəbərini isə zəhmət çəkib bir mərtəbə aşağı düşdüm və qonşuya dedim. Yenidən yuxarı çıxanda, pilləkəndə ikən Kolya dayının gözündəki sevinc hisslərini bir daha yadıma saldım. Yaman sevinirdi, qonşum… Bir az sonra yenidən ayağımı döşəməyə çırpıb bəd xəbəri aşağıya çatdırdım, beləcə oyunun sonuna qədər daha iki dəfə getdikcə güclənən zərbələrlə ayaq döydüm kirayə qaldığım evin yarı parket, yarı sökük döşəməsinə. Qoca Nikolay yəqin ki, sonuncu iki qolun xəbərini yuxuya gedərkən eşitmişdi. Mən isə əsəbləşib bərkdən vurduğum üçün ayaqlarımın ağrısını hiss edirdim artıq. Yaxşı ki, Polşa, İspaniya, və Almaniya ilə oyunlardakı kimi ağramadı dabanım…

Vətənpərvər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir